Ali təhsil müəssisələrində 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasının başlanmasına sayılı günlər qalıb.
“Tehsil365” xəbər verir ki, Tələbələr arasında imtahanların dəqiq başlama və bitmə tarixləri ilə bağlı maraq artdığı üçün universitetlər arasında sorğu keçirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın verdiyi məlumata görə, imtahan sessiyası 29 dekabr 2025-ci ildə başlayacaq və 30 yanvar 2026-cı ilədək davam edəcək.
Bakı Avrasiya Universitetinin (BAAU) mətbuat xidmətindən bildirilib ki, burada da imtahanlar 29 dekabrdan start götürəcək və fevralın 10-na qədər davam edəcək.
Xəzər Universitetində isə final imtahanlarının 5-28 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulur.
Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, imtahan sessiyası 5 yanvar - 5 fevral tarixlərini əhatə edəcək. MDU-da bu ildən etibarən 15 fənn üzrə elektron imtahan sisteminə keçid də tətbiq olunacaq.
Qeyd edək ki, imtahan sessiyasının təşkili ilə bağlı hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.

