Dekabrın 17-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
“Tehsil365” xəbər verir ki, Tədbir Bakı Fotoqrafiya Evində təşkil olunub. Mərasimdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, münsiflər heyətinin üzvləri, media rəhbərləri, iştirakçılar və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və videolardan ibarət sərgi təqdim olunub. Ziyarətçilər sərgi vasitəsilə ölkədə elm və təhsil sahəsində baş verən maraqlı anları əks etdirən işlərlə tanış olublar.
Eyni zamanda mərasimdə müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” adlı xüsusi guşə də təqdim olunub. Guşədə Ulu Öndərin müxtəlif illərdə təhsil müəssisələrində çəkilmiş 30-a yaxın nadir fotosu nümayiş etdirilib.
Tədbirin sonunda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

