1946-cı ilin 18 dekabr tarixində Beynəlxalq Valyuta Fondu (İMF) rəsmi olaraq fəaliyyətə başladı.
"Tehsil365" xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra qlobal iqtisadi sabitliyin bərpası məqsədilə yaradılan bu təşkilatın əsas missiyası beynəlxalq monetar əməkdaşlığı təşviq etmək, maliyyə sabitliyini qorumaq, valyuta mübadiləsi sistemini tənzimləmək və ölkələrə iqtisadi çətinliklər zamanı maliyyə dəstəyi göstərməkdir.
İMF 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində keçirilən konfransda 44 ölkənin razılığı ilə təsis olunmuşdu. Lakin təşkilatın praktiki fəaliyyəti məhz 1946-cı ilin dekabrında başlamışdır.
Hazırda İMF-yə 190-dan çox ölkə üzvdür. O, üzv dövlətlərə kredit ayırmaq, iqtisadi islahatlara dəstək vermək və qlobal iqtisadiyyatla bağlı analitik hesabatlar hazırlamaqla mühüm rol oynayır. Azərbaycanın da üzvü olduğu fond, ölkənin iqtisadi inkişafına dair mütəmadi qiymətləndirmələr aparır və tövsiyələr təqdim edir.

