Almaniya hökuməti və federal əyalətlər tərəfindən Pilotsuz Uçuş Aparatlarına Qarşı Birgə Müdafiə Mərkəzi (GDAZ) istifadəyə verilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin bununla bağlı məlumatında Mərkəzin federal və əyalət polis orqanları, Silahlı Qüvvələr və digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının həyata keçirildiyi platforma kimi fəaliyyət göstərəcəyi bildirilib.
Daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, Mərkəz hibrid təhlükələrə və təxribatlara qarşı əməliyyat sürətini və dəqiqliyi artırır.
Fasiləsiz rejimdə fəaliyyət göstərəcək GDAZ təhlükəsizlik risklərinə operativ şəkildə cavab vermək, vəziyyətin qiymətləndirməsini aparmaq və əməliyyatları əlaqələndirmək məqsədilə yaradılıb. Mərkəz, həmçinin təhlükəsizlik aktorları, əlaqədar təşkilatlar və elmi müəssisələrlə əməkdaşlıq quraraq milli, Avropa və beynəlxalq şəbəkələrdə Almaniyada dayanıqlı və müasir pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarını gücləndirəcək.

