Dərsdə diqqət dağınıqlığı tək bir səbəbdən yaranmır. Uşağın psixoloji vəziyyəti, emosional yükü və inkişaf xüsusiyyətləri burada böyük rol oynayır.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib. O, bildirib ki:
“Bəzən uşaq sadəcə yorğun, gərgin və ya narahat olur. Evdə yaşanan problemlər, valideyn təzyiqi, qorxu və ya özünəinamın aşağı olması diqqətin dərsdən tez yayınmasına səbəb ola bilər. Digər tərəfdən, uşaqların emosional ehtiyacları qarşılanmadıqda da diqqət problemi yaranır. Uşaq özünü eşidilməmiş, dəyərsiz və ya anlaşılmamış hiss edirsə, beyin avtomatik olaraq dərsdən uzaqlaşır. Bu halda diqqətsizlik bir “tənbəllik” yox, daxili bir siqnaldır.
Psixoloq bildirir ki, xüsusilə vurğulamaq lazımdır ki, diqqət dağınıqlığı bəzi hallarda DƏHB – Diqqət Əskikliyi və Hiperaktivlik Bozukluğu ilə bağlı ola bilər. DƏHB olan uşaqlarda diqqəti uzun müddət saxlamaq, tapşırığı sona çatdırmaq və impulsları idarə etmək çətin olur. Bu uşaqlar istəmədikləri üçün yox, bacarmadıqları üçün diqqətlərini toplaya bilmirlər. Ona görə də dərsdə davamlı diqqət dağınıqlığı müşahidə olunursa, uşağı tənqid etmək əvəzinə, səbəbi araşdırmaq vacibdir. Lazım gələrsə, psixoloq və ya mütəxəssis tərəfindən DƏHB olub-olmaması mütləq yoxlanmalıdır. Erkən fərq edilən və düzgün dəstək verilən hallarda uşaqlar həm dərsdə, həm də gündəlik həyatda daha keyfiyyətli fəaliyyət göstərə bilirlər”.

