Azərbaycan Memarlıq və İnşaat Universitetindən 50 il ərzində 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olub.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bu ali təhsil müəssisəsinin 50 illik yubiley tədbirində söyləyib.
“Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”, - deyə rektor bildirib.

