Uşaqlıqda gördüyü problemə tələbəliyində çarə tapdı
”Tehsil365” xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Marketinq” ixtisası üzrə II kurs tələbəsi Davud Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı tərəfindən təşkil olunan “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və rəqəmsal İpək yolu” beynəlxalq akselerasiya proqramında ən fəal iştirakçılardan biri kimi xüsusi uğur qazanıb. Onun “ScienceDelta” startapı təqdim olunan layihələr arasında 7 ən yaxşı startapdan biri olub.
Elm adamları ilə əlaqə qura bilmirdik
Davud deyir ki, innovasiya, yaradıcılıq, elm və xüsusilə də kosmos sahəsinə uşaqlıqdan böyük maraq göstərib. Elə o vaxtdan müxtəlif ideyalar üzərində işləyib, yeni sahələri araşdırıb və problemlərə fərqli rakursdan yanaşmağı vərdişə çevirib. Qalibi olduğu startapın mövzusu olan problemi də elə uşaqlıqda görüb. Belə ki, məktəbli fizika-astronomiya istiqamətində layihə hazırlamaq istəsə də, həmin sahədə mentor tapmaqda böyük çətinliklərlə üzləşdiyini deyir:
“Balakən şəhəri Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və Texniki Təmayüllü liseyin şagirdi olmuşam. “Sabahın alimləri” müsabiqəsinə qatıldım. XI sinifdə oxuyurdum. Məktəb komandası olaraq qoşulmuşduq. Mentorumuz da elə öz müəllimimiz idi. Hazırlıq mərhələsində elm adamları ilə əlaqə qura bilmədik. Bu sahədə koordinasiyanın kifayət qədər zəif olduğunu müşahidə edirdim. Ölkədəki elm həvəskarlarını bir araya gətirəcək, onların ünsiyyət qurmalarına və elmi müzakirələr aparmalarına imkan yaradacaq vahid platformanın çatışmadığını görür, bu boşluğun nə qədər ciddi olduğunu dərk edirdim”.
Budur, uşaqlıqda gördüyü problemə tələbəliyində çarə tapıb. Sözügedən çatışmazlığı aradan qaldırmaq məqsədilə “ScienceDelta”nı yaratmağa qərar verib.

