“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” təsdiqlənib.
“Tehsil365” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydaya əsasən müəyyən edilir. Proqramın təşkili və həyata keçirilməsi bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu tərəfindən həyata keçirilir. Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.
Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətləri əhatə edir:
- Proqramın layihələndirilməsi xərcləri;
- Proqramın idarə edilməsini təmin etmək məqsədilə xarici tərəfdaş ali təhsil müəssisəsinin, yerli ali təhsil müəssisəsinin, həmin müəssisənin tabeliyində olduğu dövlət
orqanının (qurumunun), habelə ixtisas proqramının aid olduğu sahənin nümayəndələrindən ibarət tərkibdə yaradılmış Rəhbər komitənin xərcləri;
- yerli professor-müəllim və inzibati heyətin xərcləri;
- əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;
- təhsilalanların xərcləri;
- akkreditasiya xərcləri.
Proqramın layihələndirilməsi xərclərinə aşağıdakılar aiddir:
- tərəfdaş xarici ali təhsil müəssisəsi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq ixtisaslar üzrə təhsil proqramlarının tədris prosesinə hazırlanması;
- tərəfdaş xarici ali təhsil müəssisəsi ilə birgə tədris prosesinin beynəlxalq təcrübə əsasında təşkili ilə bağlı təhsil proqramından irəli gələn digər məsələlərin (tədris planlarının, tədris qrafikinin hazırlanması və s.) həll olunması.
Rəhbər komitənin xərclərinə aşağıdakılar aiddir:
- əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
- səfər sığortası xərcləri;
- viza xərcləri;
- ezamiyyə xərcləri;
- beynəlxalq nəqliyyat xərcləri.
Yerli professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə aşağıdakılar aiddir:
- əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
- səfər sığortası xərcləri;
- viza xərcləri;
- ezamiyyə xərcləri;
- beynəlxalq nəqliyyat xərcləri;
- təlim xərcləri.
Əcnəbi professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə aşağıdakılar aiddir:
- viza və qeydiyyat xərcləri;
- əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə xərcləri;
- yaşayış xərcləri (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər);
- əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
- tibbi sığorta xərcləri;
- beynəlxalq nəqliyyat xərcləri.
Təhsilalanların xərclərinə aşağıdakılar aiddir:
- təhsil haqqı;
- qeydiyyat xərci;
- tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;
- xaricdə təhsil, yay məktəbində və ixtisas üzrə akademik təcrübədə iştirak və beynəlxalq nəqliyyat xərcləri (Proqram çərçivəsində mütləq tələb olunduğu halda).
Akkreditasiya xərclərinə Proqramın təhsil standartlarına uyğunluğunun və onun statusunun hər iki tərəfdaş ölkə tərəfindən tanınan akkreditasiya qurumu tərəfindən müəyyənləşdirilərək təsdiq edilməsi üçün ödənilən xərc aiddir. Qeyd olunan xərclərdən əlavə yaranan digər xərclər Fondun vəsaiti hesabına maliyyələşdirilmir.
Proqramın həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə, onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda aidiyyəti qurumun razılıq məktubu və ikitərəfli müqavilənin başlanmasına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri Proqramın maliyyələşdirilməsinin aparılması üçün əsasdır. Ödəmələr göstərilən istiqamətlər üzrə həyata keçirilir.
Proqramın layihələndirilməsi xərcləri Proqramın həyata keçirilməsi üçün ikitərəfli müqavilədə nəzərdə tutulmuş məbləğdə layihənin əvvəlində birdəfəlik və ya hissə-hissə ödənilir. Rəhbər komitənin xərcləri ikitərəfli müqavilədə nəzərdə tutulur və müvafiq təsdiqedici sənədlərə əsasən ödənilir.
Əcnəbi professor-müəllim və inzibati heyətin vizası, Azərbaycan Respublikasında olma və ya yaşama, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu və digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə xərcləri) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər
normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
Yerli professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində xarici ölkəyə getməsi ilə əlaqədar vizanın alınması ilə bağlı xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə xərcləri) onların getdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
Əcnəbi professor-müəllim və inzibati heyətin yaşayış xərclərinə yataqxana, mehmanxana, mənzil kirayəsi, eləcə də kommunal xidmətlər üzrə xərclər daxildir və həmin xərclər müvafiq təsdiqedici sənədlər əsasında maliyyələşdirilir. Proqram çərçivəsində mehmanxana xərcləri yalnız 15 günədək olan müddət üçün ödənilir. Yaşayış xərcləri əcnəbi professor-müəllim və inzibati heyətin ölkəyə daxil olduğu tarixdən etibarən, ikitərəfli müqavilədə göstərilən fəaliyyət müddəti çərçivəsində yerli ali təhsil müəssisəsi tərəfindən təşkil edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödənilir.
Əcnəbi professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu şəkildə ödənilir. Yerli professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri həmin şəxslərlə ali təhsil müəssisəsi arasında imzalanmış əmək (və ya xidməti) müqaviləsində nəzərdə tutulur. Əməkhaqqı xərclərinə müvafiq qanunvericiliklə və ya müqavilə ilə müəyyən edilən əməkhaqqı və əməkhaqqına görə ayırmalar (məcburi dövlət sosial sığorta haqları, icbari dövlət sığortası, icbari tibbi sığorta və işsizlikdən sığorta) daxildir.
Səfər sığortasına səfər müddətində baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tələb olunan bütün tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsi ilə bağlı xərclər aiddir. Səfər sığortası xərcləri təqdim olunan təsdiqedici sənədlər əsasında ödənilir
Bu Qərar 2025-ci il sentyabrın 15-dən tətbiq edilir.

