Bu gün Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, yubiley mərasimindən əvvəl AzMİU kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi yad edilib.
Tədbirdən əvvəl Gülüstan Sarayında təşkil olunmuş “Təhsil və İrs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin tarixi, elmi-pedaqoji uğurları, inkişaf mərhələləri və müasir fəaliyyət istiqamətləri təqdim olunub.
Rəsmi hissə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevlə yanaşı, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici universitet rəhbərləri, elm və mədəniyyət xadimləri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

