Tbilisidə "Kliniki ginekologiyanın və urologiyanın müasir nailiyyətləri" (ACGU) mövzusunda beynəlxalq konfrans keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Gürcüstan Reproduktiv Endokrinologiya Assosiasiyasının təşkil etdiyi konfransda "Doğuşsonrası kompleks reabilitasiyada estetik ginekologiyanın rolu" mövzusunda yeni təcrübələr müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun professoru Fatma Hacıyeva təmsil edib. O, elmi toplantıda "Estetik ginekologiyada müasir metodların istifadəsi imkanları” mövzusunda çıxış edib.
Gürcüstan Reproduktiv Endokrinologiya Assosiasiyasının rəhbəri akademik Georgi Tevdoraşvili professor F.Hacıyevanın elmi yaradıcılığını yüksək qiymətləndirib. Bildirib ki, alimin monoqrafiyaları tibb elminə artıq öz töhfələrini verib.
Sonda konfransın işi panel iclaslarla davam edib.

