“Kənd təsərrüfatı dünyada olduqca aktual istiqamətdə inkişaf edir. Azərbaycanda son illərdə abituriyentlərin seçimində aqraryönümlü ixtisaslar kifayət qədər artıb".
“Tehsil365” "Unikal"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə rektor bildirib.
Z.Qurbanov qeyd edib ki, universitetin qərarı ilə 400-600 arası bal toplayaraq universitetə qəbul olunan tələbələrə 150 manat, 600 baldan çox toplayaraq qəbul olanlara 250 manat, sessiyada bütün fənlərdən əla qiymət alanlara əlavə 100 manat, ingilis dilində tədris alan tələbələrə isə əlavə 70 manat təqaüd təsis olunub.

