Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Kitabxana 2.0: innovativ xidmətlər və proqram təminatı. Web 2.0 texnologiyalarının kitabxana mühitinə tətbiqi” mövzusunda infosessiya keçirilib.
“Tehsil365” bildirir ki, tədbirdə ölkənin 25 aparıcı universitetini, akademiyasını və dövlət qurumunu təmsil edən kitabxana rəhbərləri, əməkdaşlar və sahə üzrə mütəxəssislər iştirak ediblər. İnfosessiyanın əsas məqsədi müasir dövrdə kitabxanaların rəqəmsallaşdırılması, innovativ xidmət modellərinin tətbiqi, elektron idarəetmə sistemlərinin tanıdılması, eləcə də kitabxanalar arasında təcrübə mübadiləsinin, bilik paylaşımının və süni intellekt alətlərinin tətbiqinin gücləndirilməsi olub.
Tədbiri ADNSU Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova açıb. İnfosessiya çərçivəsində Mərkəzin Web 2.0 texnologiyalarının kitabxana mühitinə inteqrasiyası ilə bağlı təqdimatları nümayiş etdirilib. Təqdimatlar zamanı kitabxananın innovativ xidmətləri, tətbiq olunan proqram təminatı, rəqəmsal kitabxana və elektron idarəetmə sistemi, həmçinin oxucu-istifadəçilər üçün oturacaq yerlərin onlayn rezervasiyası sistemi haqqında ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
Çıxış edən ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini əvəz edən dosent Elviz İsmayılov kitabxanaların elmi mühitdə innovasiya və rəqəmsal transformasiyanın əsas dayaqlarından biri kimi rolunun artdığını qeyd edib. ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova müasir kitabxanaların yalnız informasiya məkanı deyil, eyni zamanda bilik və innovasiya platforması kimi formalaşmasının vacibliyini vurğulayıb.
BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov, ADA kitabxanasının direktoru dosent Elçin Məmmədov və BDU-nun Elmi kitabxanasının direktoru, dosent Nigar İsmayılova isə çıxışlarında kitabxana xidmətlərinin rəqəmsal həllər və müasir texnologiyalar əsasında inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Tədbirin ikinci hissəsində iştirakçıların fəal iştirakı ilə sual-cavab sessiyası keçirilib, təqdim olunan layihələr ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib və kitabxanalar arasında gələcək əməkdaşlıq imkanları dəyərləndirilib. İnfosessiya peşəkar bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

