21 dekabr — Görkəmli muğam opera ifaçısı, Azərbaycan vokal sənətinin parlaq nümayəndəsi Əliövsət Şirəli oğlu Sadıqovun anadan olduğu gündür. O, 1906-cı ildə dünyaya gəlmiş və Azərbaycan musiqi tarixində özünəməxsus iz qoymuşdur.
“Tehsil365” xəbər verir ki, Əliövsət Sadıqov xüsusilə muğam operalarında yaratdığı baş rollarla tanınıb. Onun səsindəki zəngin lirizm, ustalıqla təqdim etdiyi muğam elementləri və aktyor məharəti onu səhnənin sevilən simasına çevirmişdir. Sənətkar “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” kimi klassik operalarda çıxış edərək tamaşaçıların yaddaşında dərin iz buraxıb.
Əməkdar artist (1943) və xalq artisti (1956) fəxri adlarına layiq görülən Əliövsət Sadıqov, həmçinin iki dəfə "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif olunmuşdur. Onun sənəti milli musiqimizin inkişafına və gənc nəslin musiqi zövqünün formalaşmasına böyük töhfə verib.
Əliövsət Sadıqov 17 noyabr 1970-ci ildə vəfat etsə də, onun zəngin irsi və səhnə fəaliyyəti bu gün də xatırlanır və yüksək qiymətləndirilir.

