21 dekabr — Tanınmış yazıçı, publisist, Azərbaycan nəsrində müharibə mövzusunun öncüllərindən biri olan Süleyman Vəliyevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 1916-cı ildə Bakının Ramana qəsəbəsində dünyaya gəlmiş, Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymuşdur.
Süleyman Vəliyev yaradıcılığında əsasən II Dünya müharibəsi, Stalin repressiyaları və azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatındakı iştirakı kimi mövzuları ön plana çəkmişdir. Onun əsərlərində savaşın insan talelərinə vurduğu dərin izlər, cəbhə gerçəkliyi və qəhrəmanlıq nümunələri ustalıqla təsvir olunur.
1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazıçı, uzun illər ərzində ədəbi mühitdə fəal yaradıcılıqla çıxış edib. O, "Əməkdar mədəniyyət işçisi" (1977), "Əməkdar incəsənət xadimi" (1987) fəxri adlarına, eləcə də "Əmək veteranı" (1976) və "Müharibə veteranı" (1981) statuslarına layiq görülmüşdür.
Süleyman Vəliyev 7 mart 1996-cı ildə vəfat etsə də, onun milli ədəbiyyatımıza bəxş etdiyi zəngin irs bu gün də oxunur və yüksək qiymətləndirilir. Onun yaradıcılığı Azərbaycan nəsrində realist və vətənpərvər ruhun daşıyıcısı kimi mühüm yer tutur.

