21 dekabr Azərbaycan incəsənətinin canlı əfsanəsi, görkəmli heykəltəraş Ömər Həsən oğlu Eldarovun doğum günüdür.
“Tehsil365” xəbər verir ki, 1927-ci ildə Dağıstanın Dərbənd şəhərində dünyaya gələn sənətkar bu gün 98 yaşını qeyd edir.
Ömər Eldarov Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri olan şəxsiyyətdir. O, çoxsaylı monumental əsərlərin müəllifi olmaqla yanaşı, həm də bir çox nəsillərin müəllimi kimi yadda qalıb. Onun yaratdığı heykəllər Azərbaycanın mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilib.
SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı olan sənətkar 1982-ci ildə "Azərbaycan SSR xalq rəssamı" fəxri adına, 2017-ci ildə isə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordeninə layiq görülüb. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, uzun illər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru olub.
Hazırda Prezidentin fərdi təqaüdçüsü olan Ömər Eldarovun zəngin yaradıcılığı və sənətə verdiyi töhfələr gənc heykəltəraşlar üçün böyük nümunədir. Onun yubileyi münasibətilə sənətkara uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulanır.

