21 dekabr Azərbaycanın görkəmli dövlət xadimi və politoloqu Vəfa Mirzəağa oğlu Quluzadənin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, 1940-cı ildə Bakıda dünyaya gəlmiş Vəfa Quluzadə ölkəmizin müasir diplomatiya və siyasi düşüncə məktəbinin əsas simalarından biri kimi tanınır.
Uzun illər ərzində o, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışaraq, ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına töhfə verib. O, eyni zamanda Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti kimi regionun geosiyasi proseslərinə dair dəyərli təhlillər aparıb və ictimaiyyətlə bölüşüb.
Vəfa Quluzadənin fəaliyyəti Azərbaycanın müstəqillik dövründə formalaşan diplomatik kursunun təməl daşlarından biri sayılır. Onun dərin təhlilləri, prinsipial mövqeyi və siyasi uzaqgörənliyi ölkənin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb.
Vəfa Quluzadə 1 may 2015-ci ildə vəfat edib. Onun zəngin siyasi irsi bu gün də tədqiqatçılar və siyasətçilər üçün dəyərli mənbə olaraq qalır. Görkəmli dövlət xadiminin xatirəsi ehtiramla yad olunur.

