21 dekabr — Azərbaycanın görkəmli dövlət xadimi, mədəniyyət sahəsində dəyərli xidmətlər göstərmiş Məmməd Qurban oğlu Qurbanovun vəfat etdiyi gündür.
“Tehsil365” xəbər verir ki, 1911-ci ilin dekabrında Zəngəzur qəzasının Aldərə kəndində anadan olan Məmməd Qurbanov uzun illər ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmişdir. O, müxtəlif illərdə Azərbaycan SSR-in Mədəniyyət naziri (1955–1960, 1963–1965), Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri (1969–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1954–1955) və digər məsul vəzifələrdə çalışaraq ölkənin mədəni inkişafına mühüm töhfələr vermişdir.
Onun rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti və kino sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, peşəkar mədəniyyət müəssisələrinin formalaşmasında ciddi addımlar atılmışdır.
Məmməd Qurbanovun fəaliyyəti xalqımızın mədəni irsinin qorunmasında və təbliğində, eləcə də dövlət idarəçiliyindəki xidmətləri ilə yadda qalmışdır. Onun xatirəsi Azərbaycan ictimaiyyəti və mədəniyyət xadimləri tərəfindən daim ehtiramla yad edilir.

