Azərbaycan Milli QHT Forumunda Aybəniz Camalovanın Birinci Qarabağ müharibəsi şəhidi Hüseyn Muxtar oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş "Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Kitabın redaktoru araşdırmaçı-yazar, ədəbi təhlilçi və publisist Vaqif Osmanlıdır.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı açaraq şəhid Hüseyn Məmmədovun şərəfli ömür yolundan bəhs edib.
Təşkilatın idarə heyətinin üzvü, şair, şəhid bacısı Lalə İsmayıl qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində şanlı Zəfərimizin, tarixi qələbəmizin 5 illiyi münasibətilə şəhid Hüseyn Məmmədov haqqında yazılan bu kitab onu gənc nəsilə daha yaxından tanıdacaq.
Daha sonra kitabın müəllifi Aybəniz Camalova qardaşı şəhid Hüseyn Məmmədovla bağlı xatirələrini bölüşüb.
Kitabın redaktoru Vaqif Osmanlı çıxışında Aybəniz Camalovanın lirik duyğularının təbiiliyini önə çəkərək onun təcrübəli filoloq, orta və ali məktəb müəllimi olduğunu, “Nitq mədəniyyəti” fənnini tədris etdiyini vurğulayıb. O, Aybəniz xanımın şəhid Hüseynin qəhrəmanlığını və tarixi Zəfərimizi tərənnüm edən bayatılarını onun kövrək bacı, ana, nənə, vətəndaş duyğularının ifadəsi kimi dəyərləndirib.

