Dekabrın 24-də Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək.
“Tehsil365” xəbər verir ki, ilk dəfə təşkil olunan forum 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Azərbaycanın tarixi Zəfərinin beş illiyinə həsr olunub. Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində fəaliyyət göstərən THİK-lər arasında əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir.
Forum çərçivəsində postmüharibə dövrü və “Böyük qayıdış” prosesi fonunda tələbə həmkarlar təşkilatlarının birgə təşəbbüslərinin vahid platformada müzakirəsi nəzərdə tutulur. Bu müzakirələr gənclərin sosial fəallığının artırılması və onların ictimai proseslərdə rolunun gücləndirilməsinə yönələcək.
Tədbir zamanı keçiriləcək “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” adlı panel sessiyada müxtəlif ali təhsil müəssisələrinin THİK üzvləri iştirak edəcək. Panel müzakirələrinin yekununda ortaq təkliflər paketi hazırlanacaq və həmin təşəbbüslərin icrası təmin ediləcək.

