Paytaxtın Xəzər rayonunun ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunmuş “Məktəbin dəstəkləyici rəhbərlik modeli” mövzusunda təlimlər başa çatıb.
Bu barədə “Tehsil365”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova tərəfindən aparılan təlimlər zamanı iştirakçılara məktəblərdə dəstəkləyici rəhbərlik modelinin tətbiqi, effektiv idarəetmə, pedaqoji kollektivlə sağlam münasibətlərin qurulması, liderlik və motivasiya bacarıqlarının inkişafına dair ətraflı məlumat verilib.
Müzakirə formatında təşkil edilən təlimlərdə iştirakçılara idarəetmədə müasir yanaşmalar, pedaqoji prosesin səmərəli təşkili və məktəbdaxili əməkdaşlığın gücləndirilməsi, həmçinin interaktiv tədris üsulları, şagirdyönümlü təlim strategiyaları barədə praktik nümunələr təqdim olunub, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Təlimlərin yekununda iştirakçılara sertifikatları Milli Məclisin deputatı Gülşən Paşayeva və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev təqdim ediblər. Onlar bu cür maarifləndirici təlimlərin təhsilin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət daşıdığını, sağlam məktəb mühitinin yaradılmasında, məktəbdaxili kommunikasiya və motivasiyanın artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılması, rəhbərlik və müəllim heyəti arasında əməkdaşlığın gücləndirilməsi, sağlam və səmərəli təhsil mühitinin formalaşdırılmasına xidmət etməkdən ibarətdir.

