Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə informatika fənninin 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına salınması məsələsinə aydınlıq gətirib.
“Tehsil365”in məlumatına əsasən, Oxu.Az-a müsahibəsində Məleykə Abbaszadə qeyd edib ki, hazırda buraxılış imtahanlarına informatika fənninin əlavə edilməsinə ehtiyac yoxdur.
"Qəbul imtahanlarında informatika fənni 1-ci qrupda yer alıb. Döşlərinə döyüb - "siz bu işi başlayın, biz arxanızda dayanırıq, kömək edəcəyik", - deyən müəllimlərin, ekspertlərin biri də bizim arxamızda durmadı. Çünki biz professional müstəvidə apardığımız dialoqlarda deyirdik ki, yazı işlərini yoxlayan mütəxəssis yoxdur. Bizdə çatışmayan ekspertlər elə informatikadandır. Mən informatika fənni üzrə ekspertə daha yüksək maaş verə bilmərəm. Fənlər arasında fərq qoymaq olmaz. Adi müəllim deyəndə ki, bacararam, sonradan görürük ki, alınmır, bacarmırlar. İnformatika fənni üzrə güc-bəla ilə 150 nəfər ekspert tapmışıq, onlarla işləyirik. Bu nəticə çox aşağıdır".

