Bir müddətdir ki, istifadəyə verilmiş “Rəqəmsal məktəb” platforması əsasən Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində tətbiq olunur. Bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər. Platforma rəqəmsal mühitdə öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub.
“Tehsil365” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, valideynlər tədris-tərbiyə prosesinin ən vacib tərəflərindən biridir: “Əgər valideynlər tədris və tərbiyə prosesinə yaxından cəlb olunarsa, bu, uşaqların öyrənmə motivasiyasını və nailiyyətlərini artırır. Valideynlər bu portal vasitəsilə müvafiq girişdən keçərək övladlarının qiymətləri ilə tanış ola, həmçinin məktəb rəhbərliyi ilə ünsiyyət qura bilərlər”.
İlahə Rəsulova qeyd edib ki, valideynlərin övladlarının təhsil aldığı məktəblər haqqında fikirləri agentlik üçün önəmlidir: “Məhz buna görə də portalda valideyn məmnuniyyəti bölməsi yerləşdirilib. Bu bölmədə əsasən üç başlıq altında qruplaşdırılmış 25-dək sual yer alır. Bu suallar valideyn–məktəb əməkdaşlığına, məktəb mühitinin infrastrukturuna, eləcə də şagirdlərin intizam qaydalarına dair məsələləri əhatə edir. Valideynlər övladlarının təhsil aldığı məktəb haqqında həmin suallara cavab verməklə bir növ, məktəbə dair öz rəy və fikirlərini, onları narahat edən məqamları bu portal vasitəsilə bildirirlər. Bu isə məktəb rəhbərliyinə növbəti addımları müəyyənləşdirməkdə və inkişaf sahələri üzrə düşünməkdə kömək edir”.
Agentliyin rəsmisi əlavə edib ki, “Rəqəmsal məktəb” platforması hələlik yalnız məktəbləri əhatə edir: “Lakin bizim üçün ümumilikdə respublikanın digər bölgələrində də valideyn məmnuniyyəti və valideynlərin məktəblər haqqında fikirləri çox önəmlidir. Məhz buna görə də hazırda rayonlarda bu sorğular kağız formatında toplanır. Həm “Rəqəmsal məktəb” platforması, həm də kağız formatında toplanan sorğuların nəticələri təhlil edildikdən sonra məktəblərdə ehtiyac duyulan sahələrə uyğun olaraq seminarların keçirilməsi də nəzərdə tutulur”.

