Azərbaycanın Süni İntellekt üzrə 2025–2028-ci illər üçün təsdiq edilmiş Strategiyası çərçivəsində dekabrın 20-də Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında təhsil və innovasiya sahələrində uzunmüddətli əməkdaşlığa start verilib və bu çərçivədə süni intellekt sahəsində insan kapitalının hazırlanması və regional innovasiya imkanlarının genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Mərkəzdən “Tehsil365”ə bildirilib ki, görüşdə universitetdə süni intellekt üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması, bakalavr və magistratura səviyyələrində süni intellektyönümlü tədris proqramlarının və sillabusların tətbiqi, eləcə də səhiyyə sahəsində süni intellekt texnologiyalarının istifadəsi əsas prioritetlər kimi müəyyən edilib.
Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri, “Smart Office” yanaşması, texnoloji infrastrukturun gücləndirilməsi və tələbələr üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə məlumat verib. O, Milli Süni İntellekt Mərkəzinin universitetlərlə əməkdaşlığı gücləndirməklə akademik biliklərlə praktik tətbiqlər arasında körpü rolunu oynamağa xüsusi önəm verdiyini vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bu əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edərək, ali təhsil müəssisəsində süni intellekt mərkəzlərinin yaradılması, rəqəmsallaşmanın genişləndirilməsi və tələbələrin süni intellekt sahəsinə adaptasiyasının sürətləndirilməsinin əsas prioritetlər sırasında yer aldığını bildirib.
Görüş zamanı universitet tələbələrinin Milli Süni İntellekt Mərkəzinin ekosisteminə cəlb ediləcəyi, fərqlənən və uğurlu tələbələrə sistemli dəstəyin göstəriləcəyi, eləcə də universitetin tibb sahəsində süni intellekt tətbiqləri üzrə regional innovasiya mərkəzinə çevrilmək potensialına malik olduğu qeyd edilib.
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Azərbaycanın süni intellekt sahəsində institusional liderliyini gücləndirmək məqsədilə yüksəkixtisaslı kadr hazırlığı, innovativ süni intellekt həllərinin inkişafı və milli əhəmiyyətli tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir. Mərkəz dövlət qurumları, sənaye və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin süni intellekt potensialının inkişafına dəstək verir.

