Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu Almaniyanın Duysburq şəhərində Avropada yaşayan və əslən Türkiyədən olan şair və yazıçıların iştirakı ilə keçirilən “KU-Lİ Ədəbiyyat Buluşması” adlı beynəlxalq əhəmiyyətli görüşdə iştirak edib. Görüşdə mühacirət ədəbiyyatının dünəni, bu günü və gələcək problemləri müzakirə edilib.
Bu barədə “Tehsil365”ə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Tədbirin mühüm məqamlarından biri Səriyyə Gündoğdunun “Almaniyada türk ədəbiyyatı - ədəbi portretlər” kitabının təqdimatı olub. Ümumilikdə 60-dan çox mənbənin araşdırılması ilə hazırlanan bu əsərdə Almaniyaya tələbə, işçi və ya mühacir kimi gəlmiş üç müxtəlif nəsildən olan 30-dan çox yazıçı və şairin portreti yer alır. Kitabda Almaniyaya köçdən sonra formalaşan türk ədəbiyyatının tarixi inkişafı və bu ədəbiyyatın mədəniyyətlərarası münasibətlərdəki rolu dərindən araşdırılıb.
Yücəl Feyzioğlu, Mevlüt Asar və Aydın Sayılan kimi bir çox tanınmış simaların qatıldığı tədbirdə yazıçılar Almaniyadakı ədəbi fəaliyyətlərindən bəhs edərək mədəniyyətlərarası kontekstdə inkişaf edən türk ədəbiyyatının aktual problemlərinə toxunublar. Həmçinin onlar azərbaycanlı alimin bu sahədəki akademik fəaliyyətini yüksək qiymətləndiriblər. Dünyaşöhrətli yazıçı Yücəl Feyzioğlu Səriyyə Gündoğdunu bu sahədə tədqiqat aparan ilk azərbaycanlı alim olduğu üçün “Almaniyadakı Türkiyə kökənli yazıçıların Azərbaycandakı fəxri elçisi” adlandırıb.
Səriyyə Gündoğdu isə məqsədini bu sözlərlə ifadə edib: “Almaniyadakı yazıçılar yalnız ədəbiyyat yaratmadılar, həm də türk insanını Avropaya tanıtdılar və problemləri göstərərkən Avropa insanına da güzgü tutdular. Mən də onları Azərbaycanın elmi və ədəbi cəmiyyətə tanıdaraq həqiqi ədəbiyyatın nələrə qadir olduğunu göstərməyə çalışıram”.

