Azərbaycan Dillər Universitetində (ADU) tədris və elmi fəaliyyətlərdə müasir texnologiyaların tətbiqinə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib. “Süni İntellekt və Xarici Dillər” adlı tədbiri BMR fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası və Təhsil fakültəsi birgə təşkil edib. Təqdimat “Süni İntellekt Azərbaycan” platformasının mütəxəssisləri – Nərmin Həbibzadə, Ayan Əliyeva, Aytən Hümbətova və Emil Abdullayev tərəfindən aparılıb. Məqsəd süni intellektin xarici dil öyrənmə və tədrisi prosesində yaratdığı imkanları və bu sahədəki yenilikləri iştirakçılara izah etmək olub.
“Tehsil365” bildirir ki, tədbir zamanı məruzəçilər süni intellektin dil tədrisində fərdiləşdirilmiş öyrənmə modellərinin qurulmasında, tələbələrin dil bacarıqlarının avtomatik qiymətləndirilməsində, nitqin tanınmasında və təhlilində, həmçinin tərcümə texnologiyalarında rolunu praktiki nümunələr vasitəsilə açıqlayıblar. Vurğulanıb ki, süni intellekt əsaslı tətbiqlər xarici dil öyrənənlərin dinləmə, danışıq, oxu və yazı bacarıqlarının eyni zamanda və balanslı şəkildə inkişafına şərait yaradır. Ağıllı dil tətbiqləri, virtual müəllimlər, avtomatik geribildirim sistemləri və adaptiv tədris platformaları tədris prosesini daha effektiv və maraqlı edir.
Məruzəçilər həmçinin süni intellektin müəllimin yerini tutmadığını, əksinə, onun fəaliyyətini dəstəkləyən və zənginləşdirən bir vasitə olduğunu qeyd ediblər. Təqdimatın sonunda süni intellekt texnologiyalarının təhsil sahəsində əhəmiyyəti və gələcək perspektivləri müzakirə olunub.
“Süni İntellekt Azərbaycan” platformasının idarə heyətinin sədri Nərmin Həbibzadə, yaradıcı direktoru Emil Abdullayev, layihə meneceri Ayan Əliyeva və süni intellekt mütəxəssisi Aytən Hümbətova tədbirdə çıxış edərək, süni intellektin sürətlə inkişaf edən bir texnologiya olaraq gündəlik həyatımızda daha çox yer tutduğunu və müxtəlif sahələrdəki tətbiqlərinin faydalarını vurğulayıblar.
Tədbir çərçivəsində tələbələr süni intellektin mahiyyəti, müxtəlif proqramları və tətbiq sahələri haqqında geniş məlumat əldə ediblər. Bildirilib ki, süni intellekt yalnız texnoloji irəliləyişin simvolu olmaqla qalmayıb, həm də həyatımızı dəyişdirən mühüm fenomenə çevrilib.
Tədbirin sonunda qeyd olunub ki, süni intellekt texnologiyaları ilə bağlı biliklər əldə etmək və onlardan səmərəli istifadə etmək həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədəki irəliləyişlər süni intellektlə maraqlanan şəxslərə yeni imkanlar açır və gələcəyin texnologiyasına olan tələbatı artırır.

