Dekabrın 22-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Azərbaycan Ədəbiyyatı kafedrası və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı “Azərbaycan elminin parlaq siması” adlı dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik M.K.İmanov açaraq giriş sözü ilə çıxış edib, akademik Yusif Məmmədəliyev haqqında fikirlərini bildirmişdir. Akademik M.K.İmanov tədbirin qonağı, akademik Vaqif Abbasovu təqdim edərək onun elmi fəaliyyəti, gördüyü işlər barəsində danışıb. Daha sonra Y. Məmmədəliyevlə bağlı video-çarx təqdim olunub.
Məruzəçi akademik Vaqif Abbasov çıxışında Yusif Məmmədəliyevin elmi və praktiki sahələrdəki mühüm töhfələrinə geniş yer ayırıb. O, xüsusilə Yusif Məmmədəliyevin neft-kimya sahəsindəki nəzəri və tətbiqi işlərini vurğulamış, həmçinin onun dünya elmindəki yerini vurğulayıb. V.Abbasov, Yusif Məmmədəliyevin yalnız Azərbaycan elminə deyil, dünya elminə də böyük təsir göstərdiyini, xüsusən də neft sənayesinin inkişafına töhfələr verdiyini diqqətə çatdırıb.
Məruzədə Yusif Məmmədəliyevin Naftalan neftinin tibbdə tətbiqi sahəsində apardığı elmi işlərə də toxunulub. Məruzəçi bu sahədəki tədqiqatların ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, Naftalan neftinin dünyada tanınmasında Yusif Məmmədəliyevin xidmətlərinin önəmini vurğulayıb.
Akademik Vaqif Abbasov SSRİ-nin 2-ci Dünya Müharibəsindəki qələbəsində Y. Məmmədəliyevin rolunu da qeyd edib. Məruzəçi qeyd edib ki, Y. Məmmədəliyevin elmi və praktiki işləri, müharibə dövründə istehsal olunan mühüm kimyəvi məhsulların tədarükü və müharibə sənayesindəki strateji rolu müharibənin nəticələrinə əsaslı təsir göstərib.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva tədbirdə çıxış edərək bildirmişdir ki, Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı keçirilən dəyirmi masa, onun elmi fəaliyyətini bir daha dəyərləndirmək və geniş auditoriyaya tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu tədbir, həmçinin Yusif Məmmədəliyevin həyat və fəaliyyətini gənc nəsillərə örnək göstərərək, onun elmi mirasını yaşatmaq baxımından xüsusi önəm daşıyır.

