Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən “5–30 İntellektual Festival” layihəsinin açılış mərasimi baş tutub.
“Tehsil365” xəbər verir ki, açılış mərasimində layihə rəhbəri Gülər Məlikzadə çıxış edərək layihə haqqında gənclərə ətraflı məlumat verib. O bildirib ki, “5–30 İntellektual Festival” müxtəlif yaş qruplarından olan intellektual gəncləri bir araya gətirməyi, onların bilik və bacarıqlarını inkişaf etdirməyi, eyni zamanda asudə vaxtlarını daha səmərəli keçirmələrini hədəfləyir.
Layihə rəhbərinin sözlərinə görə, festival çərçivəsində keçiriləcək fəaliyyətlər gənclərin həm fərdi inkişafına, həm də intellektual mühitin formalaşmasına töhfə verəcək.
Açılış mərasimi çərçivəsində gənclər üçün “Suveren Gənclik – Hədəflər və Dəyərlər Manifesti” mövzusunda təlim də təşkil olunub. Təlim gənclərlə iş sahəsi üzrə mütəxəssis Nicat Dərgahlının təqdimatında keçirilib.
Dinamik və interaktiv formatda baş tutan təlim zamanı gənclərin hədəf və dəyərlərini daha aydın müəyyənləşdirmələri üçün müzakirə oyunları təşkil olunub, iştirakçılara mentor dəstəyi göstərilib. Təlim gənclərin fəal iştirakı ilə yadda qalıb.

