Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Hidayət Rüstəmovun şəhidlik zirvəsinə ucalmasından 34 il ötür.
"Tehsil365" xəbər verir ki, Hidayət Rüstəmov 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Vətənə sevgi ilə yaşayan Hidayət, Qarabağda başlayan müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb. O, Xocalı rayonunun Meşəli kəndində erməni silahlı qüvvələrinin hücumlarının qarşısını almaq üçün gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub.
1991-ci il dekabrın 23-də Meşəli faciəsi zamanı dinc əhalini müdafiə edərkən şəhid olub. Onun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Hidayət Rüstəmovun adı Vətən uğrunda canından keçən igidlər sırasında daim ehtiramla yad edilir.

