Dekabrın 22-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründəki fəaliyyətinə həsr olunmuş tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı, Astara rayon O.Yəhyayev adına Şiyəkəran 2 saylı tam orta və Astara rayon Deqədi kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxışında ölkəmizin sürətli inkişafından, Ümummilli Liderin uzaqgörən siyasətinin davam etdirilməsindən danışıb. Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi böyük infrastruktur layihələri və iqtisadi islahatlar vurğulanıb.
Daha sonra mövzu ilə bağlı geniş məruzələr dinlənilib və "Cənab İlham Əliyevin şərəfli 22 ili" mövzusunda videoçarx nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılar rəssamlıq dərnəyinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

