“Bir neçə gün öncə mediada 2025-ci ildə keçirilmiş buraxılış və qəbul imtahanları ilə bağlı ciddi iddialar səsləndirildi. Bildirildi ki, bir sıra abituriyentlər imtahan zamanı xüsusi texniki qurğulardan istifadə edərək qanunsuz şəkildə imtahandan keçiblər. Bu cür məlumatlar cəmiyyətin diqqətini haqlı olaraq imtahanların şəffaflığı, ədalətliliyi və nəzarət mexanizmlərinin effektivliyi məsələsinə yönəldir.”
“Tehsil365”ə açıqlama verən Təhsil eksperti Əli Ələkbərov bildirib ki, buraxılış və qəbul imtahanları minlərlə gəncin gələcəyini müəyyən edən, yüksək ictimai əhəmiyyət daşıyan prosesdir.
Onun sözlərinə görə, belə bir prosesdə baş verən hər hansı nöqsan və ya qanun pozuntusu təkcə ayrı-ayrı şəxslərə deyil, ümumilikdə təhsil sisteminə olan inama ciddi zərbə vurur.
Ekspert vurğulayıb ki, mediada səsləndirilən iddialar sadəcə fərdi hadisə kimi deyil, sistemli problem ehtimalı kimi qiymətləndirilməlidir:
“Əgər imtahan zamanı həqiqətən də xüsusi qurğulardan istifadə halları baş veribsə, bəs həmin imtahanlarda iştirak edən imtahan rəhbərləri və ümumi imtahan rəhbərləri hansı nəzarət mexanizmlərini həyata keçiriblər? İmtahan zallarında qayda-qanuna əməl olunmasına cavabdeh olan şəxslərin diqqətindən bu cür halların yayınması nə ilə izah olunur? Bu, peşəkar səhlənkarlıqdırmı, yoxsa mövcud nəzarət sistemi artıq real vəziyyətə cavab vermir?”
Əli Ələkbərov qeyd edib ki, digər vacib məsələ Dövlət İmtahan Mərkəzinin (DİM) bu iddialara münasibətidir:
“Cəmiyyət üçün açıq qalır sual: DİM bu məsələlərlə bağlı hansı araşdırmaları aparıb və ya aparır? İmtahan prosesində yol verilmiş mümkün pozuntularla bağlı konkret hansı inzibati və ya hüquqi tədbirlər görülüb? Əgər günahkar şəxslər varsa, onların məsuliyyətə cəlb olunması hansı mərhələdədir?”
Ekspertin fikrincə, bu kimi hallara münasibət yalnız imtahan nəticələrinin ləğvi və ya fərdi cəzalarla məhdudlaşmamalıdır:
“Burada əsas məqsəd problemin kök səbəblərini üzə çıxarmaq və gələcəkdə belə halların qarşısını almaq olmalıdır. İmtahan zallarında texniki nəzarətin gücləndirilməsi, nəzarətçi və imtahan rəhbərlərinin məsuliyyətinin artırılması, eyni zamanda onların fəaliyyətinə real və müstəqil monitorinq mexanizmlərinin tətbiqi vacibdir.”
Ekspert həmçinin cəmiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb:
“Şəffaflıq olmadığı halda şayiələr daha da dərinləşir və ictimai etimad zəifləyir. DİM və aidiyyəti qurumlar aparılan araşdırmaların nəticələrini açıq şəkildə ictimaiyyətə təqdim etməli, görülən tədbirlər barədə mütəmadi məlumat verməlidirlər. Bu, həm abituriyentlər, həm valideynlər, həm də müəllim ictimaiyyəti üçün vacibdir.”
Ələkbərov əlavə edib ki, təhsil sistemində ədalət prinsipi pozularsa, zəhmətlə hazırlaşan minlərlə şagirdin haqqı tapdanmış olur ki, bu da uzunmüddətli perspektivdə cəmiyyətdə narazılıq, inamsızlıq və motivasiya itkisi yaradır:
“İmtahan prosesində baş verən hər bir şübhəli hal ciddi şəkildə araşdırılmalı, məsul şəxslər cavabdehlik daşımalı və sistemli islahatlara gedilməlidir.”
Ekspert bildirib ki, 2025-ci il imtahanları ilə bağlı səsləndirilən iddialar bir daha göstərir ki, imtahan sistemində nəzarət mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsinə ehtiyac var:
“Təhsilimizin gələcəyi naminə bu məsələlərə səthi deyil, prinsipial və məsuliyyətli yanaşmaq hər kəsin borcudur.”
Qaldı ki, mediada Kamran Əsədovun adının hallanmasına, Ələkbərov bu mövzuya inanmır:
“Mən 3 ilə yaxın onunla birlikdə çalışmışam və çalışdığımız müddətdə heç bir qanunsuz əməllərimiz olmayıb. Həqiqətən də bu məsələ bəzi şəxslər tərəfindən hazırlanmış nüfuzdan salma oyunudur. Mən inanıram ki, ədalət öz yerini tapacaq və Kamran Əsədov haqqına öz səhifələrində nə gəldi yazıb paylaşım edən şəxslər ondan üzr istəməli olacaqlar.”

