Türkiyədə ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı müzakirələr fonunda oxşar modelin Azərbaycanda tətbiq olunub-olunmayacağı maraq doğurur. Maraqlıdır, Azərbaycanda da universitetlər 3 il ola bilərmi?
“Tehsil365” xəbər verir ki, Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bəzi ixtisaslar üzrə 4 illik təhsil müddəti həddən artıq uzundur və 3 ilə endirilməsi mümkündür.
Ekspertin sözlərinə görə, hazırda bir çox sahələrdə insanlar 1-2 illik kurslar vasitəsilə kifayət qədər bilik əldə edərək əmək bazarına uğurla daxil ola bilirlər:
“Əgər hər hansı kurs 1-2 ilə mütəxəssis formalaşdıra bilirsə, ali təhsil müəssisələri də bəzi ixtisaslar üzrə 3 ilə rahat şəkildə kadr hazırlayar. Bu, xüsusilə iqtisadiyyat yönümlü ixtisaslar üçün keçərlidir”.
R.Nurəliyev qeyd edib ki, pedaqoji ixtisaslar, psixologiya, sosial iş və kənd təsərrüfatı sahələri də 3 illik ali təhsil modeli üçün uyğun ola bilər:
“Bu sahələrdə tədris prosesi daha praktik yönümlü qurularsa, 3 il kifayət edər. Kənd təsərrüfatı ixtisaslarında da mürəkkəblik o qədər yüksək deyil”.
Lakin ekspert bəzi sahələrdə təhsil müddətinin azaldılmasının doğru olmadığını vurğulayıb:
“Tibb, stomatologiya, hüquq, beynəlxalq münasibətlər kimi ixtisaslarda 3 il kifayət etməz. Xüsusilə dil biliklərinin və dərin nəzəri hazırlığın vacib olduğu sahələrdə bu, çətin məsələdir”.
Sonda Ramin Nurəliyev vurğulayıb ki, Azərbaycanda da bu istiqamətdə addımlar atıla bilər, lakin əsas meyar keyfiyyətli kadr hazırlığı olmalıdır:
“Əgər biz 3 ilə ixtisaslı kadr hazırlaya bilməyəcəyiksə, bu addımı atmaq düzgün olmaz. Əsas diqqət praktik biliklərə və əmək bazarının tələblərinə yönəlməlidir. Yalnız bundan sonra təhsil müddətinin azaldılması məqsədəuyğun hesab olunar”.

