Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsi ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına uyğun olaraq, Kimya və biologiya fakültəsinin tələbələri dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə sözügedən institutda olublar.
“Tehsil365” xəbər verir ki, tələbələr institutun baş direktoru akademik Vaqif Abbasovla görüşüb, institutun yaranma tarixi, əsas elmi istiqamətləri və fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər. Qeyd edilib ki, institutun formalaşmasında və elmi ənənələrinin bünövrəsinin qoyulmasında akademik Yusif Məmmədəliyevin müstəsna rolu olub. Eyni zamanda, tələbələr akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə hazırlanmış bədii filmi izləyiblər. Onlara görkəmli alimin neft-kimya elminin inkişafındakı müstəsna xidmətləri, Azərbaycan elminin formalaşmasına verdiyi töhfələr və zəngin elmi irsinin bu gün də uğurla davam etdirilməsi barədə məlumat verilib.
Sonra tələbələr Yusif Məmmədəliyevin memorial muzeyini ziyarət edib, alimin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Görüş çərçivəsində tələbələr institutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, əldə etdikləri nəzəri bilikləri praktik mühitdə möhkəmləndirmək imkanı qazanıblar.

