Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının həmmüəlliflərlə birgə qələmə aldığı “İqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri: ARDL sərhəd testi yanaşması” adlı elmi məqalə Ukraynanın “Agricultural and Resource Economics” jurnalında dərc olunub.
“Tehsil365” xəbər verir ki, məqalədə Naxçıvan Muxtar Respublikasında iqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri kompleks şəkildə araşdırılıb. Tədqiqatın nəticələri göstərir ki, adaptiv iqlim siyasətlərinin tətbiqi, səmərəli su idarəetmə strategiyalarının formalaşdırılması və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verə bilər.
Tədqiqatdan əldə olunan nəticələr arid bölgələrdə dayanıqlığın artırılması, eləcə də davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi məqsədilə hazırlanacaq hədəfyönümlü və praktik tədbirlər üçün elmi əsaslandırılmış informasiya mənbəyi kimi istifadə oluna bilər.
Jurnal “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarda indeksləşir və Q2 kateqoriyasına daxildir. Jurnal il ərzində dünya ölkələrindən daxil olan məqalələr arasından yalnız 48 ən yüksək keyfiyyətli elmi işi dərc edir.

