Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq İcma Araşdırmaları Mərkəzi (UTAMER) tərəfindən Beynəlxalq Tarix Araşdırmaları Konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Əli Fərhadov moderator və məruzəçi kimi onlayn iştirak edib.
Bu barədə “Tehsil365"ə muzeydən məlumat verilib.
Ə. Fərhadov konfransda “Mirzə Yusif xan Təbrizi: həyatı və konstitusion haqlar uğrunda mübarizəsi” mövzusunda məruzə edib. O, XIX əsrin görkəmli dövlət xadimi, hüquqşünas və diplomatı, “Müstəşarüddövlə” (Dövlət müşaviri) ləqəbli filosof yazar Mirzə Yusif xan Təbrizinin həyatı və fəaliyyəti, məşhur “Yek kəlimə” (“Tək kəlmə”) əsərindən, məqalələrindən bəhs edib. Ə.Fərhadov, həmçinin onun Qacar şah rejiminə qarşı apardığı mübarizə, insan haqları, dünyəvi, demokratik və multikultural dövlət quruculuğu, parlamentarizm və konstitusiyanın qəbul edilməsi uğrunda mübarizəsi, Nəsrəddin şaha, vəliəhd Müzəffərəddin Mirzəyə yazdığı tənqidi məktubları və bu fəaliyyəti nəticəsində həbs və şəhid edilməsi barədə ətraflı məlumat verib. Məruzədə Mirzə Yusif xan Təbrizinin Mirzə Kazım bəy və M.F.Axundzadə ilə əlaqələri, müsəlman maarifçiliyi mövzusundakı müzakirələri, məktublaşmaları göstərilib.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb. Konfrans materiallarının nəşr olunması nəzərdə tutulub.

