Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi seminarında Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayev “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
Çıxışçı məruzəsində “yaşıl iqtisadiyyat” termini, Azərbaycanda yaşıl iqtisadiyyata keçidin inkişaf mərhələləri, bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı, Günəş və külək elektrik stansiyaları, Respublikada fəaliyyət göstərən SES-lər və s. haqqında geniş məlumat verib.
Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın inkişafı dövlətin sosial-iqtisadi siyasətinin strateji hədəflərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi, sənaye parkları və aqroparkların ekoloji təmiz istehsal prinsipləri əsasında fəaliyyət göstərməsi, təkrar emal proseslərinin genişləndirilməsi ölkənin davamlı inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq miqyasda ekoloji məsuliyyətli dövlət imicini möhkəmləndirir və gələcək onilliklərdə sosial rifahın, iqtisadi artımın və ekoloji tarazlığın təmin olunmasına zəmin yaradır.

