AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” monoqrafiyası nəşr olunub.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, monoqrafiyada folklor və yazılı ədəbiyyat nümunələri struktur-semiotik və funksional-semantik yanaşma əsasında təhlil edilərək mətnlərin dərin məna qatları üzə çıxarılıb. Ənənəvi izahlardan fərqli olaraq, müəllif mətn vahidlərini statik deyil, situativ kontekstlər daxilində araşdırıb, eyni söz və cümlə qəliblərinin müxtəlif situasiyalarda yeni semantik funksiyalar qazanmasını elmi əsaslarla göstərib. Bu yanaşma mətnin çoxqatlı strukturunu aşkarlamaq baxımından geniş metodoloji imkanlar açır.
Ön söz, giriş, altı fəsil, ədəbiyyat siyahısı, türk, ingilis və rus dillərində xülasələrdən ibarət olan monoqrafiyanın strukturu özünəməxsus şəkildə qurulub, hər bir fəsil ayrıca “kitab” prinsipi əsasında təqdim edilib. Belə ki, I kitabda “Göyçə dastanları və aşıq rəvayətləri” toplusundan “Ağ Aşıq və Süsənbər” dastanı, II və III kitablarda “Azərbaycan nağılları”ndan “Nar qızı” və “Məlik Məhəmməd” nağılları, IV kitabda O.Fikrətoğlunun “Vaxt” kitabından “Papaq Yusif” film ssenarisi, V kitabda K.İmranoğlunun “Dağlı məhəlləsi” kitabından “Riyaziyyat müəllimi” hekayəsi, VI kitabda isə F. adığın “İşlə-ev arasında” kitabından “Saxlama” gəraylısı struktur-semiotik metod əsasında təhlilə cəlb edilib.
Monoqrafiyanın əsas elmi yeniliklərindən biri folklor və yazılı ədəbiyyat nümunələrinin vahid mədəni sistemin komponentləri kimi təqdim edilməsidir. Müəllif göstərir ki, ədəbi tənqid yalnız yazılı ədəbiyyat çərçivəsində deyil, ümummədəniyyət kontekstində genişləndirilməli, folklor və yazılı ədəbiyyat qarşılıqlı əlaqədə öyrənilməlidir. Bu baxımdan tədqiqat folklorşünaslıq və ədəbiyyatşünaslıq arasında metodoloji inteqrasiyanı gücləndirən araşdırma kimi diqqəti cəlb edir.
Tədqiqatın diqqətçəkən metodoloji cəhətlərindən biri O.Fikrətoğlunun “Papaq Yusif” film ssenarisinin yalnız mətnin daxili strukturu əsasında, əlavə elmi qaynaqlara müraciət edilmədən təhlil edilməsidir. Bu yanaşma mətnin özünün analitik imkanlarını üzə çıxarmaq baxımından əhəmiyyətli metodoloji təcrübə kimi təqdim olunur.
Kitabda mətn təhlillərində situasiyaların semantik rolu xüsusi olaraq nəzərə alınıb, assosiativ əlaqələr, semantik layların qarşılıqlı münasibətləri və informasiyanın müxtəlif yaruslarda cəmlənməsi sistemli şəkildə araşdırılıb. Bu yanaşma nəticəsində mətnin daxili mexanizmlərini açıqlayan qiymətli nəticələr əldə olunub.
Monoqrafiya folklor və yazılı ədəbi nümunələrin vahid metod əsasında tədqiqinə geniş imkanlar açır. Əsər ali məktəblərin Filologiya fakültələrində, folklor, ədəbiyyatşünaslıq və mifologiya ixtisasları üzrə magistratura və doktorantura səviyyəsində xüsusi kurslar üçün praktiki elmi vəsait kimi istifadə oluna bilər.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Sərxan Xavəri, elmi rəyçiləri filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy və Vaqif Sultanlıdır. Ön sözün müəllifi professor Seyfəddin Rzasoydur.

