Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT Xarici İşlər Nazirləri Konfransının növbəti simulyasiyası təşkil olunub.
BDU-dan “Tehsil365"ə bildirilib ki, simulyasiya zamanı gənc iştirakçılar İƏT-ə üzv ölkələri təmsil edən işçi qruplara bölünərək, regional təhlükəsizlik, nəqliyyat dəhlizlərində İƏT ölkələrinin rolu, birlik və davamlı inkişaf üçün mövcud çağırışlar kimi aktual mövzular ətrafında müzakirələr aparıblar. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul edilib.
Simulyasiya konfransının nəticələrinə əsasən, müxtəlif nominasiyalar üzrə 10 nəfər iştirakçı fərqlənərək qalib elan olunub.
Qeyd edək ki, bu ilin oktyabr ayında fəaliyyətə başlayan “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də yerli dövlət rəsmiləri və sahə üzrə ekspertlər tərəfindən 6 həftə ərzində proqram iştirakçıları üçün beynəlxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in qlobal miqyasda rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə mühazirələr təqdim olunub.
Xatırladaq ki, ötən illər ərzində azərbaycanlı tələbələr İƏT-ə üzv 40-dan artıq ölkə nümayəndəsinin qatıldığı “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı uğurla təmsil ediblər.

