Azərbaycan ədəbiyyatı və maarifçilik tarixinin görkəmli simalarından biri – Ömər Faiq Nemanzadə 1872-ci il dekabrın 24-də Axalsıx qəzasının Azğur kəndində dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki, Axısqa türkü olan Nemanzadə publisist, pedaqoq, ictimai-siyasi xadim və maarifçi kimi dəyərli fəaliyyət göstərib.
O, Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb. "Qeyrət" mətbəəsinin sahibi və məşhur "Molla Nəsrəddin" satirik jurnalının həmtəsisçisi kimi tanınıb. Kəskin satirik üslubda yazdığı yazılarla cəmiyyətdəki nöqsanları tənqid edib, maarifçilik ideyalarını təbliğ edib.
Ömər Faiq eyni zamanda Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Müsəlman İşləri üzrə Şuranın ilk sədri kimi siyasi sahədə də mühüm fəaliyyət göstərib.
1937-ci ildə Stalin repressiyalarının qurbanı olan Nemanzadə 10 oktyabrda Tbilisidə edam olunub. Onun irsi bu gün də Azərbaycan ədəbiyyatı və mətbuat tarixində xüsusi yer tutur.

