“Sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsi rəqəmsal mühitdə etik normaların formalaşması baxımından mühüm addımdır. Son illər onlayn platformalarda aqressiv davranış, təhqir və nalayiq jestlərin artması cəmiyyət üçün ciddi problemə çevrilib”.
“Tehsil365”in məlumatına əsasən, bunu Demokrat.az-a açıqlamasınsa İT üzrə mütəxəssis Həsən Quliyev bildirib.
O deyib ki, bu cür hallar xüsusilə yeniyetmələr və uşaqlar üçün mənfi psixoloji təsir yaradır:
“Qanun layihəsi istifadəçiləri daha məsuliyyətli və ölçülü davranmağa təşviq edə bilər. Eyni zamanda, bu addım sosial şəbəkələrdə nifrət dili və kibertəhqirlə mübarizədə hüquqi mexanizmləri gücləndirir. Texnoloji baxımdan isə əsas məsələ bu qaydaların necə tətbiq ediləcəyidir. Jest və ya vizual işarələrin avtomatik müəyyənləşdirilməsi süni intellekt alqoritmləri vasitəsilə mümkün olsa da, səhv qiymətləndirmə riskləri də mövcuddur. Buna görə də insan faktoru və məhkəmə nəzarəti vacib rol oynamalıdır”.
Onun sözlərinə görə, qanunun icrası zamanı ifadə azadlığı ilə ictimai etik qaydalar arasında balans qorunmalıdır:
“Əks halda, istifadəçilər arasında narahatlıq və özünü senzura halları arta bilər. Cərimə və inzibati həbs son addım kimi tətbiq edilməli, ilk mərhələdə maarifləndirmə və xəbərdarlıq mexanizmlərinə üstünlük verilməlidir. Ümumilikdə, bu təşəbbüs düzgün icra olunarsa, Azərbaycan rəqəmsal məkanında daha sağlam və təhlükəsiz mühitin formalaşmasına töhfə verə bilər”.

