1989-cu ilin 24 dekabr tarixində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış "Azadlıq" qəzetinin ilk nömrəsi nəşr olunub.
"Tehsil365" xəbər verir ki, Sovet rejiminin son dövrlərində yaranan qəzet qısa zamanda ölkədə demokratik düşüncənin formalaşmasında və ifadə azadlığının təşviqində aparıcı mətbuat orqanlarından birinə çevrilib.
"Azadlıq" qəzeti Azərbaycan Xalq Cəbhəsinin mətbu orqanı kimi fəaliyyətə başlayıb və müstəqil fikirlərin tribunası rolunu oynayıb. Qəzetin səhifələrində o dövr üçün cəsarətli hesab edilən siyasi tənqidlər, milli azadlıq hərəkatı ilə bağlı məlumatlar və çağırışlar öz əksini tapıb.
Bu gün "Azadlıq" qəzetinin nəşrə başlamasının 35-ci ildönümü qeyd olunur. Qəzetin fəaliyyəti Azərbaycan mətbuatının azad söz uğrunda mübarizə tarixində xüsusi yer tutur.

