Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci ildə təşkil olunan IX Beynəlxalq Kitab Sərgisi çərçivəsində BSU Jurnalistika Klubunun təşəbbüsü ilə sosial yönümlü maarifləndirici layihə — kitab hədiyyə aksiyası həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, aksiyanın əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan uşaqların kitaba çıxış imkanlarını genişləndirmək, oxu mədəniyyətini təşviq etmək və onların intellektual inkişafına töhfə vermək olub.
Sərgi müddətində BSU Jurnalistika Klubunun üzvləri müxtəlif nəşriyyat və kitab stendlərinə müraciət edərək internat və uşaq evlərində oxuyan uşaqlar üçün kitab hədiyyə edilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu çağırışa 25-dən çox yerli nəşriyyat və kitab satışı ilə məşğul olan stend müsbət cavab verərək aksiyaya dəstək göstərib.
Toplanan kitablar klubun təşkilatçılığı ilə internat məktəblərinə və uşaq evlərinə səfərlər zamanı birbaşa uşaqlara təqdim olunub. Görüşlər zamanı uşaqların kitablara göstərdiyi maraq və sevinc aksiyanın sosial əhəmiyyətini bir daha nümayiş etdirib.
Təşəbbüs gənclərin sosial məsuliyyət hissinin artırılması, kitabın cəmiyyət həyatındakı rolunun gücləndirilməsi və humanitar dəyərlərin təbliği baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, BSU Jurnalistika Klubu gələcəkdə də bu kimi sosial və mədəni layihələri davam etdirməyi, xüsusilə həssas sosial qruplarla bağlı təşəbbüsləri genişləndirməyi planlaşdırır.
https://www.instagram.com/bsu_jurnalistika.klubu_tgt?igsh=MTVlbDB5dnB3dWsxeg==

