“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu günü təhsil ictimaiyyəti üçün əlamətdar edən əsas məqam Prezidentin bütün fəaliyyət dövrü ərzində təhsili dövlətin əsas strateji prioritetlərindən biri kimi qəbul etməsidir.”
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Tehsil365”ə açıqlamasında bildirib ki:
“Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsinə yanaşma sistemli və ardıcıl xarakter alıb. Təhsil yalnız sosial sahə kimi deyil, ölkənin gələcək inkişafını təmin edən əsas resurslardan biri kimi dəyərləndirilib. Bu baxış bucağı təhsil siyasətində qəbul edilən qərarların mahiyyətində açıq şəkildə hiss olunur.
Son illərdə ölkə üzrə yüzlərlə məktəbin tikilməsi və əsaslı təmiri, təhsil infrastrukturunun müasirləşdirilməsi, tədris mühitinin yaxşılaşdırılması Prezidentin bu sahəyə göstərdiyi diqqətin real nəticələridir. Bu addımlar təkcə fiziki şəraitin yaxşılaşdırılması deyil, təhsilin keyfiyyətinə yönəlmiş uzunmüddətli yanaşmanın göstəricisidir.”
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müəllim amili təhsilin əsas dayağıdır. Müəllim nüfuzunun qorunması, peşəkar inkişafın təşviqi və təhsildə insan faktorunun gücləndirilməsi dövlət siyasətində mühüm yer tutur. Bu yanaşma təhsil ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılanır.
Eyni zamanda gənclərin inkişafı, onların bilikli, dünyagörüşlü və vətənpərvər ruhda yetişməsi Prezidentin təhsil siyasətinin əsas istiqamətlərindəndir. Təhsilin məzmun baxımından yenilənməsi, müasir çağırışlara uyğunlaşdırılması bu strateji baxışın tərkib hissəsidir.
Cənab İlham Əliyevin təhsilə yanaşması onu göstərir ki, bu sahəyə edilən hər bir investisiya ölkənin gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir. Bu siyasət Azərbaycanın dayanıqlı inkişafına və güclü insan kapitalının formalaşmasına xidmət edir.”
Ekspert sonda qeyd edib ki :
“Prezident İlham Əliyevi doğum günü münasibətilə təhsil ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və Azərbaycan təhsilinin daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq.”

