Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransları başa çatıb.
“Tehsil365” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüşlər Nizami rayonu üzrə 32, Qaradağ rayonu üzrə 253 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olunub.
Konfranslarda BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin əməkdaşı Aygün Bayraməliyeva, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, psixoloq Səidə Əhmədova, məktəb direktorları, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinə xidmət edən Valideyn konfranslarının mühüm platforma olduğunu vurğulayıb, valideynlərlə təhsil işçiləri arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsi, açıq dialoqun qurulması və təhsil prosesində məsuliyyətin bölüşdürülməsi işinə töhfə verəcəyinə inandığını söyləyib. Müdir müavini konfranslarda valideynlərin rəy və təkliflərinin dinlənilməsi, mövcud problemlərin birgə müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətindən danışaraq qeyd edib ki, bu cür görüşlər məktəb icmasının vahid komanda kimi formalaşmasına şərait yaradır, təhsilin yalnız məktəbin deyil, ailə və cəmiyyətin birgə məsuliyyəti olduğunu göstərir.
MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin əməkdaşı Aygün Bayraməliyeva, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova uşaqların təhlükəsizliyi, fiziki, psixoloji və emosional inkişafı üçün məktəb‑ailə əməkdaşlığının vacibliyindən danışıb, belə görüşlərin valideynlərin təhsil prosesində daha fəal iştirakı və uşaqlarla aparılan maarifləndirmə işinin genişləndirilməsinin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, valideynlərin məktəb həyatında rolu yalnız övladlarının akademik göstəricilərinə deyil, həm də sosial davranışlarının formalaşmasına da birbaşa təsir göstərir.
“Uşağın psixoloji və emosional inkişafı”, “Uşaqların kiberzorakılıqdan qorunması, internetdə davranış qaydaları və risklərin tanıdılması” mövzularında təqdimatlarla çıxış edən psixoloq Səidə Əhmədova valideynləri övladlarının emosional vəziyyətini düzgün qiymətləndirməyə, uşaqlarla açıq ünsiyyət qurmağa və onların sosial şəbəkələrdə qarşılaşa biləcəyi riskləri öyrənməyə çağırıb. Psixoloq, həmçinin valideynlərə praktik tövsiyələr verərək uşaqların stres və narahatlıq hallarının vaxtında aşkar edilməsi, onlara internet resurslarında təhlükəsiz davranış qaydalarının öyrədilməsi yollarını təqdim edib.
Daha sonra iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək, həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakını davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir.
Valideyn konfranslarına informasiya dəstəyini Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti göstərib

