Müəllimlərin fəaliyyətinin əsasən kağız üzərində qiymətləndirilməsi və attestasiya mexanizminin effektivliyi ilə bağlı müzakirələr davam edir. Bu fonda attestasiyanın ləğv edilərək davamlı peşəkar inkişaf sistemi ilə əvəz olunmasının mümkünlüyü maraq doğurur. Maraqlıdır, attestasiyanı ləğv edib onu davamlı peşəkar inkişaf sistemi ilə əvəz etmək mümkündürmü?
“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimin dərs prosesində tədris proqramını necə həyata keçirdiyini tam obyektiv şəkildə müəyyənləşdirmək çətindir. Onun sözlərinə görə, dünya təcrübəsinə, o cümlədən qardaş Türkiyənin praktikasına nəzər salsaq, müəllimlərin mütəmadi olaraq sertifikasiya imtahanlarına cəlb edildiyini görərik.
Ekspert qeyd edib ki, Azərbaycanda da tətbiq olunan sertifikasiya imtahanı müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi üçün nəzərdə tutulan qiymətləndirmə mexanizmidir:
“Sertifikasiya imtahanı müəllimləri istər-istəməz öz üzərində işləməyə vadar edir. Müəllim ixtisası üzrə biliklərini yeniləyir, nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə çalışır. Bu da gələcəkdə ümumtəhsil məktəblərində daha keyfiyyətli tədris prosesinin formalaşmasına xidmət edir”.
Ramin Nurəliyev vurğulayıb ki, sertifikasiya imtahanı müəllimin bilik və bacarığını tam ifadə etmir:
“Elə müəllim var ki, sertifikasiya imtahanından yüksək nəticə göstərir, amma sinifdə idarəetməsi zəif olur. Digər tərəfdən, bəzi müəllimlər sertifikasiyadan kəsilsələr də, sinfi idarəetmə və şagirdə bilik ötürmə baxımından daha bacarıqlıdırlar”.

