Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər kafedrasında doktorantlar üçün elmi seminar təşkil olunub. Seminar siyasi elmlər üzrə fəlsəfə doktoru Ayten Ramazanovanın təqdimatında baş tutub.
“Tehsil365” Seminar çərçivəsində Azərbaycan Respublikasının xarici siyasətində aktual məsələlər üç əsas istiqamət üzrə təhlil edilib. Birinci istiqamət regional təhlükəsizlik məsələlərinə, xüsusilə Qarabağ münaqişəsinə, onun dinamikasına və tənzimlənməsi problemlərinə həsr olunub.
İkinci istiqamətdə Azərbaycanın enerji siyasəti müzakirə edilib, ölkənin regional və qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.
Üçüncü istiqamət isə nəqliyyat və logistika məsələlərini əhatə edib. Bu kontekstdə Avrasiya məkanında reallaşdırılan və planlaşdırılan beynəlxalq nəqliyyat-tranzit dəhlizləri haqqında ətraflı məlumat verilib.
Seminar diskussiya formatında təşkil olunub, doktorantların mövzu ətrafında fikir və sualları dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

