Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi Gülnar Abdullayevanın təşkilatçılığı ilə “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə 243-cü qrup magistrantlarının iştirakı ilə “VRClassroom – reallıqdan virtuala, təcrübədən biliyə” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda Psixologiya və Pedaqogika kafedrasının professor-müəllim heyəti və magistrant tələbələr iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, Seminarın əsas məqsədi virtual reallıq (VR) texnologiyalarının müasir təhsil sistemində tətbiq imkanlarını, bu texnologiyaların təlim prosesinin keyfiyyətinə, idrak fəallığına və təcrübə əsaslı öyrənmənin səmərəliliyinə təsirini elmi-nəzəri və praktik aspektlərdən araşdırmaq olub.
Tədbir aşağıdakı mövzular üzrə təşkil olunub:
Virtual reallıq anlayışı və onun pedaqoji mahiyyəti
VR texnologiyalarının yaranma və inkişaf mərhələləri
VRClassroom modelinin müxtəlif fənlərdə tətbiqi
VRClassroom-un pedaqoji üstünlükləri, çətinlikləri və potensial riskləri
Müəllimin VRClassroom mühitində yeni rolu
Azərbaycan və beynəlxalq müstəvidə rəqəmsal çağırışlar və VRClassroom-un inkişaf perspektivləri
Çıxışlarda qeyd olunub ki, virtual reallıq texnologiyaları tədris prosesində abstrakt anlayışların vizuallaşdırılmasına, mürəkkəb mövzuların modelləşdirilməsinə və real təcrübəyə yaxın öyrənmə mühitinin yaradılmasına geniş imkanlar yaradır. VRClassroom modeli öyrənənlərin fəal iştirakını təmin edən, nəzəri biliklərlə praktik təcrübə arasında inteqrasiyanı gücləndirən müasir pedaqoji yanaşma kimi dəyərləndirilib.
Tədbir çərçivəsində iştirakçılar VRClassroom konsepsiyası üzrə təqdim olunan praktik nümunələr və simulyasiya modelləri ilə tanış olmuş, virtual mühitdə təlimin üstünlükləri və məhdudiyyətləri ətrafında elmi müzakirələr aparıblar. Müzakirələr seminarın interaktiv və tədqiqat yönümlü xarakter daşıdığını nümayiş etdirib.
Seminarda çıxış edən Psixologiya və Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov vurğulayıb ki, VR əsaslı təlim mühiti öyrənənlərin təlim motivasiyasının yüksəldilməsinə, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına, eləcə də biliklərin uzunmüddətli mənimsənilməsinə müsbət təsir göstərir. Kafedranın baş müəllimi Sevda Xaspoladova isə VR texnologiyalarının tədris prosesinə inteqrasiyası zamanı psixoloji uyğunluq, texniki infrastrukturun mövcudluğu və pedaqoji məqsədyönlülük kimi amillərin nəzərə alınmasının vacibliyini xüsusi olaraq qeyd edib.
Seminarın yekununda tədbirin təşkilatçısı, baş müəllim Gülnar Abdullayeva bildirib ki, bu tip elmi-praktik tədbirlər ali təhsil müəssisələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, innovativ pedaqoji texnologiyaların tətbiqinə və gələcək müəllimlərin müasir təlim mühitlərinə uyğun peşəkar bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verə bilər. VRClassroom kimi modellərin təhsil sistemində tətbiqi təlimin keyfiyyətinin artırılması baxımından perspektivli və aktual istiqamət kimi qiymətləndirilib.
Tədbirin sonunda 243-cü qrup magistrantları — H. Gülnur, A. Firuzə, M. Tamam, İ. Fidan, S. Çinarə, M. Esmira və C. Gülçinə sertifikatlar təqdim olunub.

