Azərbaycanın tanınmış qadın simalarından biri, iqtisad elmləri namizədi, İkinci Dünya müharibəsi dövründə dünyada yalnız iki qadın gəmi kapitanından biri olan Şövkət Şahbaz qızı Səlimova 25 dekabr 1920-ci ildə Lahıc qəsəbəsində dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki, Müharibə illərində kişi peşəsi sayılan gəmi kapitanlığı vəzifəsini uğurla yerinə yetirən Şövkət xanım, həm cəbhəyə daşınmaların həyata keçirilməsində, həm də arxa cəbhənin logistikasında mühüm rol oynamışdır. Onun bu fəaliyyəti təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də maraqla qarşılanıb və təqdir olunub.
1964-cü ildə iqtisad elmləri namizədi elmi dərəcəsi alan Səlimova, həmçinin elmi-pedaqoji sahədə də çalışaraq gənc mütəxəssislərin yetişdirilməsinə töhfə vermişdir.
Şövkət Səlimova 2 iyul 1999-cu ildə Bakıda vəfat edib. Onun adı Azərbaycanın tarixində qadınların gücünü və iradəsini təcəssüm etdirən simvollar sırasında qalır.

