Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 yanvar 2026-cı il tarixində magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün elektron formada sınaq imtahanı təşkil ediləcək.
“Tehsil365” xəbər verir ki, İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda, eləcə də Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran və Xaçmaz şəhərlərindəki regional bölmələrin inzibati binalarında baş tutacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 24 dekabr saat 17:00-dan 2026-cı il 7 yanvar saat 23:59-dək DİM-in rəsmi internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
İştirakçılar şəxsi kabinet yaratmalı və sınaq imtahanına yazılmaq üçün 40 AZN məbləğində ödəniş etməlidirlər. Ödəniş DİM-in epayment.dim.gov.az saytında təqdim olunan üsullarla həyata keçirilə bilər.
Qeydiyyat zamanı bakalavrlar imtahan yeri (şəhər), verəcəkləri bölmə və xarici dili seçərək sistemə daxil olmalı və qeydiyyatı tamamlamalıdırlar.
Sınaq imtahanı bakalavrlara real imtahan öncəsi hazırlıq səviyyələrini yoxlamaq üçün əhəmiyyətli imkan yaradır.

