“Qanlı Qədəh” əsəri ilə oxucuların diqqətini çəkən gənc yazar Rəvanə Kərimova yeni yaradıcılıq planları ilə bağlı suallarımızı cavablandırdı.
“Tehsil365” xəbər verir ki, Müəllif gələcək əsəri, mövzu seçimi, zaman–məkan anlayışı və sonluq barədə maraqlı fikirlər səsləndirdi.
Yazar bildirib ki, “Qanlı Qədəh”dən sonra yeni bir əsər yazmaq niyyətindədir və artıq bu əsərin əsas konturlarını düşünməyə başlayıb.
Rəvanə Kərimova: “Bəli. Hətta yavaş-yavaş bu əsərin beynimdə təməlində qurmağa başlamışam.”
Yeni əsərin mövzusu barədə danışan müəllif qeyd edib ki, qarışıq və çoxqatlı süjetlər onun yazı üslubunun əsas xüsusiyyətlərindəndir. Gələcək kitabda oxucuları fərqli motivlər gözləyir.
R.K: “Bir az qarışıq olacaq. Ümumiyyətlə yazdığım kitablarda qarışıq mövzulara yer verməyi çox sevirəm. Yeni yazacağım kitabda Əsgər qurğusu motivlərinə rast gələcəyik.”
Əsərin zaman və məkan anlayışına toxunan yazar bildirib ki, hadisələr yaxın gələcəkdə cərəyan edəcək və bir neçə ölkəni əhatə edəcək.
R.K: “Zaman anlayışı yaxın bir neçə il sonraya təsadüf edəcək. Məkan anlayışı isə Azərbaycan–İtaliya və Azərbaycana sərhəd olan ölkələrin birində keçəcək.”
Sonluq məsələsinə gəldikdə isə, Rəvanə Kərimova ənənəvi “xoşbəxt” və ya “bədbəxt” final anlayışına fərqli yanaşdığını vurğulayıb.
R.K: “Kitabda bir insan və ya cütlük olmur. Xüsusilə yeni yazacağım kitabda 4 baş rol obraz olacaq. Üstəlik yan obrazlar da var. ‘Qanlı Qədəh’də olduğu kimi, burada da müxtəlif münasibətlər mövcuddur. Buna görə də bəzilərinə görə xoşbəxt, bəzilərinə görə isə bədbəxt sonluq sayıla bilər.”
Qeyd edək ki, Rəvanə Kərimovanın açıqlamaları oxucular arasında yeni əsərə olan marağı daha da artırıb. Yazıçının yaxın gələcəkdə təqdim edəcəyi kitabın ədəbi mühitdə geniş müzakirələr yaradacağı gözlənilir.

