Azərbaycanın görkəmli alimi, tarixçi-epiqrafist və şərqşünas, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Nemətova Məşədixanım Sədulla qızının vəfatının ildönümü qeyd olunur.
"Tehsil365" xəbər verir ki, 1924-cü il yanvarın 5-də Bakının Zabrat qəsəbəsində anadan olan Nemətova Məşədixanım uzun illər ərzində Azərbaycan tarixi, epiqrafika və şərqşünaslıq sahəsində mühüm tədqiqatlar aparmış, yüzlərlə elmi məqalənin və monoqrafiyanın müəllifi olmuşdur. O, 1969-cu ildə tarix elmləri doktoru elmi dərəcəsini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Nemətova Məşədixanım Azərbaycanın orta əsrlər tarixi, xüsusilə də daş kitabələr üzərində apardığı araşdırmalarla elmi ictimaiyyətin dərin hörmətini qazanmışdır. Onun elmi irsi bu gün də tədqiqatçılar üçün dəyərli mənbə olaraq qalmaqdadır.
Alimin 26 dekabr 2016-cı ildə Bakıda vəfat etdiyi bildirilir. O, Azərbaycan elminə verdiyi töhfələrlə daim anılacaqdır.

